MƏHƏRRƏMOV ŞAMO MƏTLƏB OĞLU

Doğum tarixi
26.04.1997
Statusu
Şəhid
Vəfat tarixi
16.11.2020
Rütbəsi
əsgər
  • «Vətən uğrunda» medalı
  • «Cəsur döyüşçü» medalı
  • «Şuşanın azad olunmasına görə» medalı
  • Haqqında
Məhərrəmov Şamo Mətləb oğlu 1997-ci il aprel ayının 26-sı Rusiyanın Murmanski şəhərində anadan olub. Əslən Qax Rayonu Ləkit Kəndindən olan Şamo 1-ci sinifə həmin kəndin tam orta məktəbində başlayıb. Tam orta Təhsilini isə Bakı şəhəri Suraxanı rayonu 279 nomrəli məktəbdə başa vurub. Uşaq vaxtından çox ağıllı səlis danışığı ilə hər kəsi valeh edib, hamının hörmətini qazanaraq hər zaman diqqət mərkəzində  olub. İgidimizin hələ uşaq yaşlarından idmana, döyüşlərə həddindən artıq marağı olub. Özü jijutsu ilə bir müddət məşğul olub, medallar, diplomlar ilə təltif olunub. Ailə imkanına görə ali təhsil ala bilməyib. Ailəsi şəhidimizlə bağlı xatirələrindən danışarkən qeyd edir ki, “Şamo uşaq vaxtından zəhmətkeş, ailə başa düşən birisi idi. Ən böyük arzularından biri ev tikdirmək və maşın almaq olub. 9-cu sinifdən restoranlarda, kafelərdə ofisant kimi işləyib  ki, məqsədlərinə çata bilsin.”


Əsgerliyini Gəncə və Qazax zonasında edib. Əsgərliyini bitirdikdən sonra maşına olan böyük həvəsinə görə rəngsaz (molyar) sənətinə meyl salaraq, həmin sənətin sirrlərini öyrənməyə başlayıb. Bir müddət Rusiyada işlədikdən soradan yenidən öz işinə geri qayıdıb.


27 sentyabr 2020-ci ildə ikinci Qarabağ müharibəsi  başlanan gün kəndə gedən qəhrəmanımızı ailəsi səhəri gün Gəncəyə yola salır. Şəhidimizin bacısı ürək ağrısıyla həmin günü xatırlayaraq söyləyir ki, Şamo gedəndə “Ölməyə gedirəm” -dedi, anam qorxdu. Sonra anam narahat olmasın deyə “gələcəm narahat olma, hamı gedir mən də getməliyəm”- dedi. Sanki öləcəyini əvvəlcədən hiss etmişdi. Noyabrın 3-ü ailəsiylə son danışığı olub, “hər şey yaxşıdır. Dörd günə gələcəm”-  deyərək sağollaşıb anası və bacılarıyla. Aradan vaxt keçməsinə baxmayaraq nə zəng olur, nə də bir xəbər. Nigaran olan ailə oğlunu axtarışa verib. Ayın 7-si Şuşa da olan əlbəyaxa döyüşlərdə şəhidlik zirvəsinə ucaldığı xəbəri bir müddət sonra ailəsinə çatıb. Noyabrın 17-də Qax rayonu Lekit kəndində xalqın böyük izdihamı ilə torpağa tapşırılıb. Öz zəhmətiylə ev tikmək arzusunda olan qəhrəmanımız indi cənnətdəki evində baş tacımızdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.