MƏDƏTOV RÖYAL ŞAHİN OĞLU

Doğum tarixi
14.05.1992
Statusu
Şəhid
Vəfat tarixi
24.10.2020
Rütbəsi
Gizir
  • «Vətən uğrunda» medalı
  • «İgidliyə görə» medalı
  • «Xocavəndin azad olunmasına görə» medalı
  • «Şuşanın azad olunmasına görə» medalı
  • «Kəlbəcərin azad olunmasına görə» medalı
  • Haqqında
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn oğullarımızın xatirəsi hər birimiz üçün əziz, doğmadır. Müqəddəs adlarını əbədiləşdirmək də ən ümdə vəzifəmizdir.44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Xüsusi Təyinatlı qüvvələrin kiçik giziri Röyal Şahin oğlu Mədətovdur. Röyal Mədətov 14 May 1992-ci il tarixində Qazax rayonunda dünyaya göz açıb. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə hərbi xidmətdən sonra, Ağdam rayonunda “N” saylı hərbi hissədə çalışmağa başlayıb. Röyal 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb və yaralanıb.Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan Röyal Mədətov Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı. Röyalın vəzifəsi snayper kimi görünmədən görmək, ölmədən öldürməkdən ibarət idi. Bu vəzifəni uğurla icra etdikdən sonra yenə də düşmənə hər vəchlə zərbə vurmağa çalışırdı. Çünki o, xüsusi təyinatlı idi. Valideyinləri də bilmirdi gizir Röyalın yerini və yaralı olduğunu... Bizim xüsusi təyinatlı igidimiz müharibənin qaydalarına ciddi riayət edərək, bütün gizlinləri mətanətlə qəlbində daşıyıdı. Axı o, vətəni qoruyurdu...Füzulidə yaralansa da, təkrar hərb meydanına can atıb. Dilindən vətən sözü bir an düşməyən Röyal düşmənin qəniminə çevrilmişd. Ön cəbhəyə geri dönən qəhrəmanımız düşmənin üç maşın kolonunu partladıb. Taqımı ilə birlikdə ümumilikdə yüzə yaxın düşmən hərbçisini məhv edib. Röyal Mədətov oktyabrın 22-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı odlu silah və digər adi silah yarasından həlak olmuşdur. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Mədətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Mədətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Mədətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Mədətov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Mədətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.