QURBANOV XANSU ELSEVƏR OĞLU

Doğum tarixi
23.09.2000
Statusu
Şəhid
Vəfat tarixi
11.11.2020
Rütbəsi
MAHHXHQ əsgər
  • «Vətən uğrunda» medalı
  • «Şuşanın azad olunmasına görə» medalı
  • Haqqında
Xansu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub. 2006-2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.Orta məktəbi bitirdikdən sonra 2018-ci il oktyabrın 1-dən 2020-ci ilin martın 1-nə kimi Naxçıvan şəhərində N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq orduda qalıb. Kəşfiyyatçı olaraq hərbi təlimlərə davam edib. Xansu 2020-ci ilin oktyabrın 6-da Qarabağa yola düşən ilk könüllülərin cərgəsinə qatılır.

Naxçıvandan Bakıya, oradan da cəbhə bölgəsinə yola düşməmişdən qabaq bəzi əşyalarını götürmək üçün iki günlüyə evə gəlir, anası, bacıları ilə vidalaşır. Anasının sözüylə desək, sanki vəsiyyətini edir:

-Ana, mən gedirəm. Hər şey ola bilər, şəhid ola bilərəm. Nə olur olsun, sən ağlama… Onu bil ki, sən ağlasan, sanki mənim qol-qıçımı qırıb yenidən tabuta yığırsan. Sevin ki, mən Qarabağı azad etməyə gedirəm...” Yəmən xanım oğlunun  bu sözlərinə ürəyində çox sıxılsa da, onu deyə-gülə yola salıb. Zarafatla da deyib ki, Qarabağı otuz ildi heç kəs ala bilmədi, elə olar, sən alarsan”.

Xansu kiçik yaşlarından əlindən gəldiyi qədər işləyib, anasına dayaq durub. Ali təhsil almaq arzusu ürəyində qalsa da, ailəsi və öyrəndiyi hərbi biliklər onun üçün vətən, vətənpərvərlik məktəbinə çevrilib. Ən böyük istəyi isə Qarabağı düşməndən almaq olub.

Xansunun son telefon danışığı 27 oktyabrda olur. Bacısı Xatunla danışır. Yolumuz Şuşayadır, bacı, tezliklə qələbə xəbəri ilə gələcəyəm, deyir. Bacısı ondan gələndə xarıbülbül çiçəyi gətirməsini istəyir. Inşallah, bacı, siz anamdan muğayat olun, darıxmağa qoymayın. Daha zəng vurmaq mümkün olmayacaq. Getdiyimiz yerdə telefon çəkmir, deyir…

Kəşfiyyatçı olduğu üçün hər zaman öndə gedən, cəsurluğu, qətiyyəti ilə əsgər yoldaşlarına örnək olan Xansu Qurbanov Hadrutdan başlanan döyüş yolunda addım-addım qələbə qazanaraq ən ağır döyüşlər gedən Qırmızı Bazar qəsəbəsinə yoldaşları ilə bir yerdə çatır. Hər gün neçə yoldaşı yanında yaralanır, şəhid olur. Şuşaya gedən yüz iyirmi nəfər könüllü arasında ön sırada durur. 

Şuşanın alınması Vətən Müharibəsinin qəhrəmanlıq dastanının ən şərəfli, ən qürurlu və ən ağrılı səhifəsidir. Noyabrın 8-i Şuşa şəhəri azad edilir. Və səhərisi gün müharibənin dayanmasına saatlar qalmış Xansu əsgər yoldaşları ilə birlikdə düşmənin xain gülləsinə tuş gəlir.

Ölümündən sonra Xansu Qurbanov Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.