QƏDİROV MÜQƏDDƏS NAİL OĞLU

Doğum tarixi
14.05.1992
Statusu
Şəhid
Vəfat tarixi
06.10.2020
Rütbəsi
Mahhxhq əsgər
  • «Vətən uğrunda» medalı
  • Haqqında
Müqəddəs Qədirov 1992-ci il mayın 14-də Xaçmaz rayonunun Dədəli kəndində dünyaya göz açıb.

Xaçmaz rayonunun Dədəli kənd sakini Müqəddəs Qədirov 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biridir.

Müddətdən artıq həqiqi hərbi xidmət keçən Müqəddəs Qədirov Cəbrayıl və Füzulinin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.

Atası Nail Qədirov bildirib ki, hamı Müqəddəsi qayğıkeş, sədaqətli və ən əsası vətənpərvər oğul kimi xatırlayır: “Müqəddəs hərbi xidmətini də cəbhə bölgəsində keçmişdi. Xidməti başa vurduqdan sonra hərbiçi olmağa qərar verdi. Müharibənin ilk günündən döyüşlərə qatıldı. Ona ölüm barədə danışanda deyirdi ki, ata hamımız bir dəfə ölürük. Vətən uğrunda ölmək daha şərəflidir. Yerini bizə demirdi. Döyüş yoldaşları deyir ki, Cəbrayılın azad olunmasında iştirak ediblər. Sonra Füzuli rayonu uğrunda döyüşlərə başlayıblar. Oktyabrın 5-də şəhidlik zirvəsinə ucalib . Həmin döyüşdə 9 nəfər yaralanıb, Müqəddəs isə şəhidlik zirvəsinə ucalıb”.

Şəhidin anası Zöhrə Qədirova oğlunun qəhrəmanlığı ilə qürur duyduğunu vurğulayaraq deyib: “Deyirdi ki, ana, döyüşdə ölmək də var. Bircə sənin gözündə yaş görmək istəmirəm. Qayıdıb gələcəyəm. Evinə, ailəsinə çox bağlı idi. Onun ölümü bütün kəndimizi sarsıtdı. Hamı onun üçün ağladı. Dekabrda ailə həyatı qurmasının iki ili tamam oldu. Oğlum Füzuli uğrunda döyüşdə şəhid oldu. Döyüş yoldaşlarının dediyinə görə meşədə pusquya düşüblər və yaxın məsafədən vurulub. Güllə qolundan keçərək ürək nahiyəsinə dəyib. Silahdaşına deyib ki, Talıbov, deyəsən vuruldum, məni burada qoymayın. Onun son sözləri də elə bu olub. Sonra gözlərini əbədi olaraq yumub. Çox ağırdır. Allah heç bir anaya bala dərdi verməsin. Mən oğlumla fəxr edirəm”.

Müqəddəs Qədirov ailədə bir bacının yeganə qardaşı idi. Bacısı Gültəkin Niftəliyeva şanlı qələbədə pay sahibi olan qardaşı ilə qürur duyur. “Ailədə iki uşaq olmuşuq. Qardaşım və mən. Qardaşım məndən böyükdür. Mən qardaşımla qürur duyuram, fəxr edirəm. O, əsl kişi idi, mərd idi. Döyüşlər səngiyəndə mənə zəng edirdi, deyirdi, narahat olmayın. Özü ən gərgin döyüşlərin getdiyi ərazilərdə olsa da, bizə mən ön xətdə olmadığını bildirirdi”, - deyə şəhidin bacısı söyləyib.

Müqəddəs Qədirov sonuncu döyüşlərdən öncə telefonla qısa videogörüntü çəkərək ailəsinə göndərib. Həmin vidoda fikrini “İnşallah, salamat qayıdarıq. Sağ-salamat qayıda bilməsəm, Vətən sag olsun!” sözləri ilə tamamlayıb.

Şəhid Müqəddəs Qədirov oktyabrın 7-də Dədəli kənd qəbirstanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vətən yolunda canından keçən qəhrəman döyüşçünün Nur adlı bir yaşında qızı yadigar qalıb.