HÜSEYNOV NAZİM YAQUB OĞLU

Doğum tarixi
01.10.1977
Statusu
Şəhid
Vəfat tarixi
08.10.2020
Rütbəsi
Mayor
  • Haqqında
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Nazim Hüseynovdur. Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğul övladı yadigar qaldı. Nazim Hüseynov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun mayoru olan Nazim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nazim Hüseynov oktyabrın 7-də Hadrut döyüşləri zamanı şəhid olmuşdur. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.