HƏSƏNOV TEYMUR MAHAL OĞLU

Doğum tarixi
03.04.1989
Statusu
Şəhid
Vəfat tarixi
25.10.2020
Rütbəsi
əsgər
  • «Vətən uğrunda» medalı
  • Haqqında

Çoxlu göyərçinləri var idi, sülh quşlarını çox sevirdi, elə sülhü də. Mövzu Vətən, onun azadlığı olunca sülh sevgisi belə onu dayandıra bilmədi. Hər şeyi geridə buraxıb sevdiyi Vətənini qorumağa yollandı.

Teymur Mahal oğlu Həsənov 1989-cu il aprelin 3-də Bakı şəhərində, hərbçi ailəsində dünyaya gəlib. 1996-cı ildə 153 nömrəli orta məktəbdə birinci sinfə qədəm qoyub. Atası müharibə veteranı, ehtiyatda olan gizir Mahal Həsənov birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Elə Vətənə, hərbi formaya ilk sevgisi də oradan yaranır. Kiçik yaşlarından idmana da marağı olub, sərbəst güləşlə məşğul olan Teymur bir çox yarışlarda iştirak edib, mükafatlar qazanıb. İdmana olan həvəsi onu 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almağa gətirib çıxarır. 2009-cu ildə ailə həyatı quran Teymur, 2011-2012-ci illərdə hərbi xidmətə yollanıb. Vətən qarşısında borcunu uşaqlıq dostu Raufla birgə ödəyib. Vətən Müharibəsi başlayanda hər kəs kimi o da, torpaqların müdafiəsinə qalxıb. Sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən Teymur oktyabrın 25-də qəhrəmancasına şəhid olub. Uşaqlıq dostu Rauf deyir ki, Teymur üçün Vətən hər şeydən öncə gəlirdi. Elə buna görə də müharibə başlayan kimi o, torpaqların müdafiəsi üçün könüllü olaraq döyüşlərə qatıldı. Elə Teymurun son şəkli də Raufla çəkilib. Anası Qüdrət Həsənova deyir ki, müharibə vaxtı Teymurun səhhətində problem olmasına baxmayaraq o döyüşlərə qatılıb: “Hətta biz həkim də tapdıq ki, onun cəbhəyə getməsinə əngəl olaq. Amma buna etiraz etdi, dedi ki, mən getməyim, sən getmə, bəs kim getsin? Komandiri ona deyib ki, iki uşaqlıları yuxarı aparmırlar, sən aşağıda qal. Deyib ki, mən daha təcrübəliyəm, bu əsgərlərin qabağında mənim kimisi getməlidir” Teymur Həsənovun komandirinə son sözü isə belə olur: “Mənə bir şey olsa atama deməyin, bu dərdə dözməz, qardaşıma deyin”. Bir müddət sonra Teymurun komandiri onun əşyalarını ailəsinə göndərir. Çantasından çıxan əşyalar isə hər kəsin göz yaşlarına səbəb olur. Çünki onun “ölüm medalyonu”nun içində “Ana ağlama”, “Ata ağlama”, “Siz dəyərlisiniz” sözləri yazılmışdı. İndi Teymurdan geriyə 7 və 11 yaşlı iki övladı qalıb. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.