“YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə  həyata keçirilən “YAŞAT” Xeyriyyə Marafonu davam edir.

Marafon 7 noyabr tarixində saat 12.00-18:00-da İctimai Televiziyada (İTV), 90 FM- İctimai Radioda və Dənizkənarı Bulvar ərazisində təşkil olunan "YAŞAT" Fondunun "Zəfər" Yarmarkasında canlı yayımlanıb.

6 saatlıq yayım vətəndaşlar tərəfindən böyük  maraqla qarşılanıb. Belə ki, yayım müddətində vətəndaşlarımız  tərəfindən zəfər birliyi nümayiş etdirilib, yarmarka ərazisində olan vətəndaşlar,  həmçinin izləyicilər tərəfindən "YAŞAT" Fonduna kütləvi ianələr daxil olub.

Marafon müddətində şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz, tanınmış ictimai-siyasi xadimlər çıxış ediblər, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə canlı bağlantılar təşkil edilib.

Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər, dəstək layihələri barədə hesabat təqdim olunub.

Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə vətəndaşlarımızı dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Marafon “YAŞAT, Azərbaycan” şüarı ilə təşkil olunur.


Xatırladaq ki, "YAŞAT" Xeyriyyə Marafonu "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar 8 dekabr tarixinə qədər davam edəcək. Vətəndaşlarımız, bütün təşkilat  və müəssisələr Fonda ianələr etməklə Marafona qoşula bilərlər.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau