search_icon

“YAŞAT” Fondu nədir?

“YAŞAT” Fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların (əlilliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş şəxslər) və şəhid ailələrinin (ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş və ya 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaş və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr) təminatına dəstək məqsədilə yaradılmış ianə fondudur.

Fonda necə müraciət etmək olar?

Fonda müraciət elektron qaydada Fondun www.yasat.gov.az rəsmi internet səhifəsi üzərindən həyata keçirilir. Qeydiyyat zamanı yarana biləcək çətinliyin aradan qaldırılması və ətraflı məlumatın əldə edilməsi məqsədilə 8110 Çağrı Mərkəzi fəaliyyət göstərir. Qeyd edək ki, 8110 qısa nömrəsinə zənglər bütün operatorlar üzrə ödənişsizdir.

“YAŞAT” Fonduna kimlər müraciət edə bilər?

Fonddan əlavə dəstək almaq üçün aşağıdakı şəxslər müraciət edə bilər: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailə üzvləri, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılması zamanı xəsarət alaraq əlilliyi müəyyən olunmuş və ya həlak olmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının ailə üzvləri. Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.

“YAŞAT” Fondunun yardımları hansı dövrün müharibə əlilərini və şəhid ailələrini əhatə edir?

“YAŞAT” Fondu dövr məhdudiyyəti olmadan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verir.

Fondun vəsaitinin formalaşdırılmasına və ondan istifadəyə nəzarət mexanizmi necə qurulub?

yashat.gov.az rəsmi internet saytının “YAŞAT” Fondunun hesabatlılığı bölümündəki adlı siyahıdan şəhidin (və ya ailə üzvlərinin) və yaralanmış şəxsin adını, soyadını daxil etməklə Fond tərəfindən göstərilən dəstəyin istiqaməti, köçürülən vəsaitin məbləği və qəbzlərlə tanış olmaq mümkündür.

“YAŞAT” Fonduna edilən müraciətlərə hansı ardıcıllıqla baxılır?

Fonda edilən müraciətlər ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır.

Ehtiyacların prioritetliyi necə müəyyən edilir?

müvafiq ehtiyac istiqaməti; müraciətin ilkin və ya təkrar olması; müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri; himayəsində azyaşlı uşağın olması; ailədə əmək qabiliyyətli şəxslərin sayı; Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması; dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.

“YAŞAT” Fondunun vəsaiti necə formalaşır?

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Fonda ianə hansı yolla edilə bilər?

Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, 8110 SMS nömrəsi, bank köçürməsi və ödəmə terminalları vasitəsilə toplanılır.

Fondda toplanan vəsait hansı istiqamətlərdə istifadə olunur?

Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması.

Fonda edilən müraciətlərə hansı müddətdə baxılır?

Müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır və nəticəsi barədə müraciət edən şəxsə məlumat göndərilir.

Fonda işə qəbul necə həyata keçirilir?

Fondun işini təşkil edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti şöbəsinin ştatları dövlət qulluğu vəzifələri hesab olunur. Kadr heyəti dövlət qulluğu sahəsində qanunvericiliyə müvafiq qaydada formalaşdırılır.