HƏMZƏYEV TURAC SULİDDİN OĞLU

Doğum tarixi
27.07.1998
Statusu
Şəhid
Vəfat tarixi
14.10.2020
Rütbəsi
Hərbi vəzifəli əsgər
  • «Vətən uğrunda» medalı
  • «Cəbrayılın azad olunmasına görə» medalı
  • «Füzulinin azad olunmasına görə» medalı
  • Haqqında
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Turac Həmzəyevdir. Turac Suliddin oğlu Həmzəyev 1998-ci il avqustun 27-də Qusar rayonunun Hiloba kəndində anadan olub. Evin kiçik oğlu, ailənin son beşiyi olan Turacın taleyi hələ uşaqlıqdan ağrılı, əzablı olub. Ev, ailə sahibi olmamış bir-birinin ardınca ata və anasını itirib. Kənddə, məktəbdə bu cılız, qaradinməz oğlanın xətrini çox istəyirdilər. Dərslərdə fəal olmasada, nizamlı, səliqəli, çalışqan idi. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini buraxdı, təsərrüfat işləri ilə məşğul olmağa, ailə büdcəsinə pay qatmağa, böyük qardaşlarına kömək etməyə başlayıb. Turac hərbi xidmətə çağırılacağı günü səbirsizliklə gözləyirdi. Yox, buna rahatlıq hərb sənətinə sevgisindən irəli gəlmirdi. Yaşıdları bəstəboy, yüngülçəkili olduğuna görə onu hərbiyə yararsız sayacaqlarına inandırmışdılar. İradəcə möhkəm yeniyetmə idman edir, yeməyinə diqqət ayırırdı. Səfərbərlik şöbəsindən çağırış vərəqini alanda sevinmişdi. Hərbi xidmətini iki il əvvəl başavuran Turac Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Savaşın ilk günündən cəbhədə olan hilobalı gənc, demək olar, hər gün qardaşı ilə telefon əlaqəsi saxlayırdı. Sonuncu danışıqları ölümündən bir gün qabaq, oktyabrın 14-də olub. Turac Füzulinin Musabəyli kəndi uğrunda şiddətli döyüş getdiyini, dörd sinif yoldaşınında onunla birlikdə olduğunu bildirib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.